Sidik axarının daşları
Axar daşları niyə şiddətli ağrı verir ?
Sidik axarının daşları. Daşın böyrəkdən sidik axarına düşməsi demək olar ki, bütün hallarda şiddətli ağrı ilə müşahdə olunur. Buna böyrək sancısı deyilir. Bu hal böyrək daşı xəstələrində ən kəskin ağırlaşmadır. Daş xəstəliyi ilə əlaqədar xəstəxanaya müraciət edən xəstələrin 80 % – i böyrək sancısı ilə müraciət edənlərdir. ( sidik axarının daşı )
Sidik axarı dedikdə, böyrəkdə əmələ gələn sidiyin sidik kisəsinə axmasını təmin edən boruşəkilli orqan başa düşülür. Axarın mənfəzi ( daxili diametri ) 4 – 5 mm – dir. Ona görə də böyrəkdən sidik axarına düşən ən kiçik ölçülü daş onun mənfəzini tam qapaya bilir. Nəticədə isə, sidiyin böyrəkdən sidik axarı vasitəsilə sidik kisəsinə axması mümkün olmur, yaxud kəskin çətinləşir. Beləliklə də böyrəkdə əmələ gələn sidik ləyəndə toplanaraq oranı genişləndirir.
Böyrək ləyəni və kasacıqların genişlənməsi isə öz növbəsində kəskin ağrı ilə müşahidə edilir. Ağrı o qədər şiddətli olur ki, onu yalnız yaşıyan insanlar təsvir ( təsəvvür ) edə bilir və bütün ömür boyu xatırlayır. Heç kim istəməz ki, onda böyrək sancısı olsun. Böyrək sancısı həmişə gözlənilmədən, qəfildən gələn ağrıdır. Ona görə də bu və ya digər formada insanın işlərini, planlarını pozur.
Belə olduğu üçün də bir sıra hallarda insan həkimə getmək əvəzinə ağrıkəsici dərmanlar qəbul edir. Bəli, doğrudur bir yaxud bir neçə gündən sonra ağrı azalır yaxud yox ola bilər. Amma bu, heç də o demək deyildir ki, daş düşüb və siz tam sağalmısınız. Belə ki, qəbul edilən dərman preparatlarının təsirindən daş yerini dəyişir və qırağından sidik sızıb sidik kisəyə axır. Bununla da böyrəkdəki ağrı səngiyir və yalançı sağalma hissiyyatı yaradır.
Sidik axar daşı hansı əlamətlər verir ?
Sidik axarının daşları : Daşın sidik axarına düşməsi ,demək olar ki, bütün hallarda böyrək sancısı ilə başlayır. Çünki, sidik axarı diametri kiçikdir. Əlbəttə ki, sidik axarına düşüb hər hansı bir səviyyədə ilişib qalan daşın verdiyi ağrının şiddəti daşın ölçüsündən və sidik axarı mənfəzinin nə dərəcədə tutulmasından çox asılıdır. Ora düşən ən kiçik ölçülü daş belə sidik axarı mənfəzini tutur və sidiyin axmasını çətinləşdirir. Daşın böyrəkdə əmələ gəlməsi uzun sürən prosesdir. Onun böyüməsi isə daha sürətlə gedir. Böyrəkdə olarkən adətən heç bir ağrı vermir. Hər hansı kəskin hərəkət, idman, hoppanma, tullanma, qaçış, hətta gərgin cinsi əlaqə zamanı böyrəkdəki daş diyirlənib sidik axarına düşə bilər. Sidik axarına düşən daş eynilə şlanqdakı tıxacı xatırladır. Bu zaman böyrəkdəki sidik, sidik axarı ilə sidik kisəyə axa bilmir və böyrək ləyəni genişlənir. Nəticədə isə böyrək sancısı yaranır.
Sidik axarı daşı zamanı ağrının xarakteri
Sidik axarının daşları. Axara daş düşərsə ağrının xarakteri əsasən daşın yerləşdiyi yerdən asılıdır. Belə ki, əgər daş sidik axarının yuxarı 1/3 – də olarsa, ağrı əsasən böyrək nahiyyəsində olacaq və qarının müvafiq yan tərəfinə irradiasiya edəcək.
Sidik axarının daşı orta 1/3 – hissədə olarsa ağrı müvafiq tərəf böyrəkdə, qarının müvafiq tərəfi və qabırğaaltı hissədə olur. Qismən də qarının aşağı hissəsinə ötürülür.
Əgər sidik axarının daşı aşağı 1/3 hissəsində olarsa böyrək nahiyyəsində ağrı o qədər də ciddi olmur. Bu zaman qarının aşağısında, qalşa çuxuru adlanan hissə daha çox ağrılı olur. Sidik axarının aşağı 1/3 hissəsinin daşlarının əsas xarakterik əlaməti tez – tez sidik ifrazına yalançı çağırışın olmasıdır. Həmçinin ağrının qasıq nahiyyəsinə, cinsiyyət orqanlaına ötürülməsidir. Yəni ki, sidik kisəsinin boş olmasına baxmayaraq xəstə tez – tez sidiyə çıxmaq istəyir. Ayaqyoluna gedir ki, sidik ifraz etsin. Lakin sidik kisə boş olduğundan sidik çıxmır və bu hal çox tez – tez təkrarlanır. Xəstə gecələr də bir neçə dəfə sidik ifrazına durur.
Axarın daşı ağrı ilə yanaşı həmçinin ürəkbulanma, qusma ilə də müşahidə edilir. Lakin bu qusma xəstəni rahatladmır.
Əlbəttə ki, təkcə əlamətlərinə görə sidik axarının daşıdır demək çətindir. İnstrumental müayinə metodlarının köməkliyi ilə daşın dəqiq yeri, ölçüsü, sıxlığı, həmçinin daşdan yuxarı hissədə böyrəyin vəziyyəti haqqqında lazımlı məlumatı alırıq. Bu işdə bizə KT ( komputer tomoqrafiya ), USM ( ultrasəs müayinəsi ) kömək edir. Bizim klinikamız yüksək təchizatlı klinikadır. Bütün bu işlərin hamısına və dəqiq diaqnozun qoyulmasına maxsimum 1 saat vaxt sərf olunur.
Sidik axar daşı zamanı pielonefrit.
Bir çox hallarda daşın sidik axarına düşməsi ilə əlaqədar olaraq sidik axarı və böyrək ləyəni iltihablaşır. Bunun əsas səbəbləri vardır.
Birincisi ona görə ki, daş əsasən iltihab olan börəkdə yaranır. Daha doğrusu bir çox daşların əmələ gəlməsinin əsas səbəbi böyrəkdə olan uzun müddətli iltihabdır. Xüsusən də qadınlarda. Belə ki, qadınlarda aşağı sidik yolları ( sidik kanalı və sidik kisəsi ) infeksion xəstəlikləri daha tez – tez rast gəlinir.
İkincisi ona görə ki, daş olan böyrək həmişə iltihablaşmaya meyilli olur. Sadəcə olaraq insan adi halda bunları ciddi iltihab əlaməti kimi hiss etmir. Ona görə ki, sidik axarı keçiriciliyi sərbəstdir. Yəni, böyrəkdə əmələ gələn sidik asanlıqla sidik axarı vasitəsilə sidik kisəyə axa bilir. Ona görə də sidikdə olan bakteriyalar vaxtaşırı olaraq sidiklə sidik kisəyə axır və böyrəkdə artıb irinli iltihab törədə bilmir. O halda ki, sidik axarına daş düşür və oradan sidik axa bilmir, əmələ gələn sidik daşdan yuxarı hissədə toplanır. Belə olduqda isə sidikdə olan baxteriyalar qısa müddətdə artıb çoxalır və böyrəkdə irinli iltihab yaradır. Buna irinli obstruktiv pielonefrit deyilir.
Sidik axarının daşı zamanı obstruksiya. Obstruktiv pielnefrit.
Obstruksiya – tıxanma deməkdir. “ Belə ki, əgər böyrək daxilində daş yaranıbsa, daş böyüdükcə ətraf toxumalara toxunur, cızır, kompressiya edir. Böyrəyin icərisində travma alan hər hansı bir hissə asanlıqla iltihablaşır. İltihabın ora düşməsi müxtəlif yollarla mümkündür. Əsasən qalxan yolla. Qalxan yol dedikdə aşağı sidik yollarında, sidik kisə, sidik kanalı, prostat vəzidə və.s iltihab törədən bakteriyalar yayılır və böyrək ləyənini iltihablaşdırır. Ona görə də daş olan böyrəkdə iltihabı prosesi tam söndürmək mümkün deyil. Belə ki, bir çox bakteriyalar daşın səthinə yapışır və qəbul edilən dərman preparatları onları tam məhv edə bilmir. Beləliklə də müalicə ərəfəsində qısa müddətli effekt alınsa da, böyrəkdəki iltihab tam sağalmır. Zaman keçdikcə isə bu bakteriyalar yenidən artır. “
Sidik axarı və böyrək iltihablaşıbsa həkimin ilk görməli olduğu iş, daşın çıxarılması yox, sidik axarının keçiriciliyini təmin etməkdir. Yuxarıda qeyd etdiyimiz ki, irinli pielonefrit çox ciddi ağırlaşmadır və təcili təxirə salınmaz yardım tələb edir. Bir neçə mm – lik daşa görə böyrəyin itirilməsi hətta həyati təhlükə yarana bilir.
Sidik axarı daşları. Böyrək sancısını hansı xəstəliklərdən fərqləndirmək lazımdır ?
Böyrək sancısını digər kəskin ağrılardan fərqləndirmək çox vacibdir. Belə ki, osteoxandroz, qabırğa arası sinirlərin iltihabı, öd daşı xəstəliyi, appendisit, pankreatit, yumurtalıq kistasının burulması, uşaqlıqdan kənar hamiləlik, peritonit xəstəliyi zamanı da sidik axarı daşında olan ağrını xatırladan ağrı ola bilir. Əlbəttə ki, təcrübəli həkim cərrah, uroloq uçün böyrək sancısını fərqləndirmək adətən çox ciddi çətinlik törədmir. Ağrı ilə yanaşı sidikdə qanın olması da mümkündür. Buna hematuriya deyilir. Dolayısı ilə ağrının böyək sancısı olmasına dəlalət edir. Lakin qadınlarda aybaşı zamanı götürülən sidik həqiqi hematuriyanı əks etdirməyə bilər. Ona görə də aybaşı olan qadınlarda xarici cinsiyyət orqanlarını yuduqdan sonra sidik analizi kateterlə götürülməlidir.
Sidik axarının daşı zamanı nə etməli ?
Daş sidik axarının daşları zamanı iki taktika seçilə bilər. Cərrahi və konservativ ( müalicə ). Bu asılıdır daşın ölçüsündən, yerləşdiyi yerdən, sıxlığından və ən əsası daşdan yuxarı hissədə sidik axarı və böyrəyin vəziyyətindən. Adətən ölçüsü 5 mm – ə qədər olan daşlar daş qovucu müalicə fonunda özbaşına xaric olur. Ən əsası, aparılan bu müalicə daima həkimin dinamik nəzarəti altında olmalıdır.
Bir sıra hallarda, xüsusilə də özünümüalicə ilə məşğul olanda sidik axarı daşları böyrəyin iltihablaşmasına səbəb olur. Bu halda dərhal cərrahi müdaxiləyə ehtiyac yarana bilər, o cümlədən açıq əməliyyat. Çünki, belə olduğu hallarda xəstənin vəziyyəti kəskin pisləşir, ümumi halsızlıq, iştahasızlıq, ürək bulanma, qusma, bədən hərarəti 39 – 40C ola bilir. Belə olduqda xəstə müalicənin davamını xəstəxana şəraitində alır və müalicə müddəti daha uzun çəkir. Əgər xəstəni vaxtında xəstəxanaya çatdırmasalar xəstənin həyati təhlükə ola bilir. Yaxud da özbaşına qəbul olunan ağrıkəsicilər yalançı sağalma hissiyyatı yaradır, daş sidik axarında qalsa da ağrı vermir. Bir neçə ay daşın sidik axarında qalması böyrəyin genişlənməsinə, parenximasının ( ətli hissəsi ) nazikləşməsinə səbəb ola bilir ki, bu halda da böyrəyin çıxarılması ilə nəticələnə bilir.
Sidik axarının daşları zamanı həkim uroloqun klinik manevri nədən ibarətdir ?
Daş sidik axarında olduqda, əgər yuxarıda böyrək ləyəni çox genişlənibsə nə etməli ? Dərhal əməliyyat etməliyikmi ? Əlbəttə ki, yox. İlk növbədə daşdan yuxarı hissədə yığılıb qalan sidiyin axmasını təmin etmək lazımdır. Daşı çıxarmadan bu mümkündürmü ? Bəli mümkündür . Sidik axarına stent qoyulmalıdır ( taxılmalıdır ). Sidik axarına daş düşdükdə bütün hallarda belə davranmalıyıqmı ? Əlbəttə ki, xeyir. Təqribən 50 % hallarda stentin qoyulması zərurəti olur. 50 % hallarda isə stent qoyulmadan daşın distansion litotripsiya yaxud kontakt lazer litotripsiya metodu ilə qırılıb xaric edilməsi mümkündür. Distansion litotripsiya dedikdə bədənə heç bir müdaxilə olmadan xaricdən zərbə dalğa litotripsiyası ilə daşın parçalanması başa düşülür. Kontakt lazer litotripsiya isə ucluğu yüksək dəqiqlikli görünüş verən kamera ilə təchiz olunmuş alət ( ureteroskop ) vasitəsilə sidik kanalının xarici dəliyindən daxil olmaqla aparılır. Daş toz halına salınaraq xaric edilir. Bu barədə daha ətraflı müalicə bölümündə yazmışam.