Həkim uroloq-androloq ZİYAD ƏLİYEV
(050) 571 49 51 (055) 571 49 51

Böyrək daşı

Böyrək daşı

Böyrək daşı dedikdə böyrəkdə və sidik çıxarıcı yollarda daşın əmələ gəlməsi halı başa düşülür. Boyrək daşı xəstəliyinə körpə yaşlı uşaqlardan tutmuş bütün yaş qruplarında rast gəlinir. Ən çox 20 – 50 yaş arasında insanlarda müşahidə olunur. Uroloji şöbələrdə müalicə alan xəstələrin 30 – 40 % – ni məhz sidik daşı xəstələri təşkil edir. Kişilərin 10 – 12 % – də, qadınların isə 4 – 5 % – də sidik daşı xəstəliyinə rast gəlinir. Xoşbəxtlikdən sidik daşı xəstəliyi elmi texniki nailiyyetlerin urologiyaya tətbiqi sayəsində əksər hallarda müalicəyə asan tabe olur. Bütün bunlara baxmayaraq, həmçinin daşın yenidən yaranmasının qarşısını almaq üçün hamıya əlçatan olan tədbirlər var. ( Böyrək daşı )

 

Böyrək daşı – səbəbləri.

Boyrək daşı əmələ gəlmə səbəbləri çoxdur. Bunlara aiddir :

Daş əmələgəlməyə irsi meyillik ( yəni yaxın qohumlarında yaxud ailə üzvlərində daş xəstəliyi olan insanlar ).

Az maye qəbulu.

Az hərəkətli həyat tərzi.

Piylənmə.

Uzunmüddətli duzlu qidalarla qidalanma.

Sidik yollarının anadangəlmə qüsurları – anomaliyalar ( sidik çıxarıcı yollarda daralmalar və sidiyin sidik yollarında ləngiməsinə səbəb olan digər faktorlar ).

Böyrəklərdə və sidik yollarında əməliyyat keçirmiş insanlar.

İnfeksion iltihabı xəstəliklər.

Bir sıra endokrin və sistem xəstəlikləri və. s. Ona görə də sidik daşı xəstəliyinin əmələ gəlməsi həm bütövlükdə orqanizmdə gedən fiziki – kimyəvi proseslər toplusu həm də yalnız sidik yollarındakı dəyişiklikərlə əlaqələndirilir.

 

Məsələn:

Əgər sidik yollarında hər hansı bir səviyyədə sidiyin ləngiməsinə səbəb ola biləcək hal müəyyən olunursa nə baş verər ? ( Sidik axarlarının hər ikisinin yaxud birinin daralması, sidik kanalının daralması ).  Əlbəttə ki, bu daralmadan yuxarıda müvafiq nahiyyə genişlənir, orada daima durğunluq yaranır. Uzunmüddətli durğunluq sidiyin iltihablaşmasına və tərkibindəki duzların çöküntü halında yığılmasına səbəb olur. Durğunluğu yaradan səbəb vaxtında aradan qaldırılmadıqda çökmə prosesi daha sürətli gedir. Çünki ilkin çöküntünün yaranmasına nisbətən, yaranmış çöküntünün böyüməsi daha baş verir. Həmçinin durğunluğun olması ilə əlaqədar iltihab başlayır. Bu da öz növbəsində çökmə prosesini şiddətləndirir və nəticədə daşın yaranması üçün zəmin olur.

Böyrək daşı. Daşın tərkibi – sidiyin mürəkkəb tərkibindən formalaşır.

Böyrək daşı və sidiyin çox mürəkkəb kimyəvi tərkibi vardır. Bu mürəkkəb tərkibin komponentləri normal halda çöküntü yaradmır. Əsasən ona görə ki, insan gün ərzində 5 – 6 dəfə sidiyə çıxır və sidik orqanizmdə bir neçə saatdan çox qalmır. Müasir tətqiqatlar isə onu sübut edib ki, sidik yollarında, daha doğrusu sidiyin tərkibində elə maddələr var ki, onlar sidiyin tərkibindəki digər maddələrin çöküntü halına keçməsinin qarşısını alır. Beləliklə də böyrək dası əmələ gəlməsini tormozlayır. Sidiyin tərkibinin dəyişməsinə səbəb olan bir sıra xəstəliklər yaxud həmin xəstəliklərlə əlaqədar qəbul edilən dərmanlar sidikdə çöküntü verə bilən müxtəlif maddələrin konsentrasiyasının yüksəlməsinə, kristallaşmanı ( daşın əmələ gəlməsini ) ləngidən maddələrin isə sidikdə konsentrasiyasının azalmasına səbəb olur. Bununla da boyrek daşı yaranmasına şərait yaradır.

Böyrək, sidik axarında daş

Müxtəlif insanlarda müşahidə olunan daşlar forma, ölçü, rəng, sıxlıq və tərkibinə görə fərqlənir. Rast gəlinən böyrək daşı hallarının 70 – 80 % – ni kalsiumun müxtəlif birləşmələrindən əmələ gəlmiş daşlar təşkil edir. Bunlara kalsium oksalat, kalsium fosfat, kalsium karbonat aiddir. Belə xəstələrin sidiyində kalsiumun miqdarı demək olar ki, həmişə normadan yüksək olur, buna hiperkalsiuriya deyilir.

Səbəbləri müxtəlifdir:

bağırsaqlardan kalsiumun artıq miqdarda sorulması, sümüklərin tərkibindəki kalsiumun müxtəlif xəstəliklər nəticəsində qana sorulması və sidiklə çıxması, böyrəklər vasitəsilə kalsiumun xaric edilmə prosesinin pozulması və.s . Daşların 5 – 10 % – ni maqnezium birləşmələri, 10 – 15 % – ni isə sidik turşusunun duzları təşkil edir, bunlara isə urat daşları deyilir. Zülali birləşmələrin mübadilə pozğunluğu ilə əlaqədar yaranan daşlara daha az 0,4 – 0,6 % halarda rast gəlinir. Bunlara sistin və ksantin daşları aiddir. Sistin daşları daha çox uşaqlarda rast gəlinir, oğlanlarda və qızlarda rast gəlmə ehtimalı bərabərdir. Daşların tərkibi ilə əlaqədar digər məqalələrdə daha ətraflı yazmışam.

 

Şəkildə sidik yollarının müxtəlif nahiyyələrində yerləşən daşlar təsvir olunmuşdur.

1. Böyrəyin aşağı kasacığının daşı

2. Sidik axarının yuxarı 1/3 hissəsinin yaxud ləyən – sidik axarı seqmentinin daşı

3. Axarın orta 1/3 hissəsinin daşı

4. Axarın aşağı 1/3 hissəsinin yaxud yukstavezikal ( sidik axarının sidik kisəsinə ən yaxın olan hissəsi ) hissənin daşı

5. Sidik kisəsinin daşı

6. Kanal daşı ( sidik kanalının daşı )

 

Böyrək daşı əlamətləri

 

boyrek sancisi, uroloq ziyad aliyev

Əksər hallarda böyrək daşı ( sidik daşı ) xəstəliyi aydın əlamətlərlə müşahidə olunur. Bir sıra hallarda isə təsadüfi müayinə zamanı aşkarlanır. Əlamətlər daşın yerləşdiyi nahiyyəyə görə fərqlənir və adətən daşın miqrasiyası ( yerdəyişməsi ) zamanı daha kəskin olur. Daşın miqrasiyası yaxud yerdəyişməsi dedikdə böyrəkdəki daşın sidik axarına, sidik kisəsinə, sidik kanalına düşməsi nəzərdə tutulur.

Daş böyrəkdə və sidik axarının yuxarı 1/3 hissəsində olduqda ağrı daha çox müvafiq tərəfdə böyrək nahiyyəsində olur. Sidik axarının orta 1/3 və aşağı 1/3 – də olduqda isə bel nahiyyəsi ile yanaşı qarının və qasıq hissənin, cinsiyyət orqanlarının müvafiq tərəfində müşahidə olunur. Axarın aşağı 1/3 hissəsinin, sidik kisəsinin, sidik kanalının daşları isə ağrı ilə yanaşı sidik ifrazının çətinləşməsi, az – az, qırıq – qırıq olması əlamətlərini verir. Sidik kisəsində sidik olmadığı halda sanki sidik kisəsi doludur kimi hissiyyatın olması, tez – tez sidik ifrazına yalançı çağırış və . s kimi əlamətlər də xarakterdir.

 

Böyrək daşı zamanı ağrının xarakteri

Daş xəstəliyində ağrının kəskinliyi sidik yollarında drenajın nə dərəcədə pozulmasından asılıdır. Əgər böyrəkdən sidik axarına düşən daş axarı tam tutarsa ( tıxanma ), bu zaman ağrı daha kəskin olur. Belə olduqda böyrəkdə əmələ gələn sidik, sidik kisəsinə axa bilmir. Nəticədə isə daşdan yuxarı hissədə sidiyin ləngiməsi olduğundan böyrək ləyənində və kasacıqlarda genişlənmə yaranır. Ağrının əsas səbəbi də böyrək ləyəninin genişlənməsidir. Buna böyrəyin tam bloku yaxud böyrək tıxanması deyilir. Sidik axarına düşmüş daş kiçik olduqda isə onun sidik axarının mənfəzini tam tutma ehtimalı daha az olur və ağrı hissi daha mülayim olur. Çünki bu zaman böyrəkdə əmələ gələn sidik daşın qırağından ( kənarlarından süzülərək ) sidik kisəyə axa bilir.

Böyrək daşının lazerlə endoskopik müalicəsi Bakıda - böyrəkdə daşın səbəbləri - böyrək daşının müalicəsi - böyrək daşının fəsadları

İnsan böyrək daşı xəstəliyinə risk qrupuna aiddirsə ildə 1 – 2 dəfə  müayinə olunmalı və həyat tərzini daha hərəkətli həyat tərzi ilə əvəzləməlidir. Böyrəkdə əmələ gələn daşlar ilkin mərhələdə heç bir ağrı vermir. İnsan vaxtlı – vaxtında müayinə olunmadıqda bu daşın böyüməsinə şərait yaradır. Yaxud da, daş böyüməyə macal tapmamış sidik axarına düşür və dözülməz ağrı ilə insanı təcili şəkildə həkimə müraciət etməyə vadar edir. Əgər böyrəkdəki daş böyüyüb elə bir ölçüyə çata bilir ki, sidik axarına düşə bilmir. Bu halda böyəyin daxilini ( böyrək ləyənini, kasacıqları ) zədələyir və əlavə olaraq iltihabı prosesə səbəb olur. İltihabı proses də öz növbəsində yenidən daşın böyüməsinə zəmin yaradır. Beləliklə qüsurlu dövran yaranır, daş böyüdükcə iltihab sürətlənir, iltihab sürətləndikcə daşın böyüməsinə şərait yaranır.

 

Böyrək daşı ən çox harada yaranır ?

Böyrək daşı yaranması sidik çıxarıcı yoların iki əsas səviyyəsində – böyəkdə və sidik kisəsində gedir. Hər iki halda əsas səbəb sidiyin axıb getməsinə mane olan hər hansı bir faktorun olmasıdır. Sidik daşı xəstəliyinin digər bir əlaməti sidiyin bulanıq və hətta qanlı ola bilməsidir. Əksər hallarda sidikdə qan laborator müayinə zamanı aşkarlanır ( mikrohematuriya ). Lakin bəzi hallarda sidik yollarının zədələnməsi daha ciddi olduqda sidikdə qanı adi gözlə də görmək olur. Buna makrohematuriya deyilir. Ağrının şiddətindən asılı olaraq ürəkbulanma, qusma, ishal ( qarın işləmə ), qəbizlik kimi əlamətlər də ola bilər.

 

Böyrək daşı olan xəstələrin müasir diaqnostikası. 

Böyrək daşı xəstəliyinin diaqnostikası müasir tibbin nailiyyətləri ilə çox asandır. Statistik olaraq sidik daşı xəstəliyini ən çox aşkarlayan müayinə metodu ultrasəsdir – usm. Baxmayaraq ki, ən dəqiq müayinə metodu kt – dir ( kompüter tomoqrafiya ).

Böyrək daşı nədir ? - Böyrək daşının lazerlə endoskopik müalicəsi Bakıda - böyrəkdə daşın səbəbləri - böyrək daşının müalicəsi - böyrək daşının fəsadları

Ultrasəs müayinəsi ( usm ). 1 – sidik axarında daş, 2 – sidik axarının daşdan yuxarıdakı hissəsində genişlənmə

Bu müayinələrin köməkliyi ilə biz nəyi müəyyən edirik ?

  • Daşın ölçüsü.
  • Forması ( mərcanvari daşlarda daşın formasının mühüm əhəmiyyəti vardır ).
  • Daşın sıxlığı ( daşqırma üsulu ilə müalicə tələb olunduğu hallarda bu çox vacib göstəricidir ).
  • Sidik yollarının hansı hissəsində yerləşməsi, sidik yollarında və böyəklərdə yaratdığı fəsadlar haqqında da ətraflı məlumat almış oluruq. Belə ki, biz bütün bunları müəyyən eləməklə ən optimal müalicə taktikasını müəyyən edirik. Buna baxmayaraq bir sıra hallarda – əgər bizə sidik yollarının təsvirini almağa ehtiyac duyulursa kontrastlı rentgen yaxud kontrastlı KT müayinəsi icra olunur. Kontrastlı rentgen yaxud kontrastlı KT dedikdə rentgen – kontrast maddəni vena daxilinə yeritdikdən sonra böyrəklərdən süzülərək sidiklə xaric olması nəticəsində sidik yollarının rentgen təsvirinin alınması başa düşülür. Daşın tərkibindən asılı olaraq rentgen müayinesinde aşkarlanmıya bilər və bunlara rentgen negativ daşlar deyilir. Rentgen neqativ daşlar daha yumşaq daşlardır. Bunlardan ən çox rast gəlinəni sidik turşusu duzlarının daşlarıdır. Bunlara urat daşları deyilir.

Rentgen pozitiv və rentgen neqativ daşlar.

Urat daşının rentgen müayinədə aşkarlanmasının mümkünsüzlüyünə baxmayaraq kt müayinədə çox asanlıqla müəyyən olunur. Həmçinin KT müayinəsində tərkibindən asılı olmayaraq daşın sidikçıxarıcı yolların hansı səviyyəsində olması dəqiq müəyyənləşir. Həmçinin ölçüsü, forması, sıxlığı və bütün digər xüsusiyyətləri haqqında məlumat almış oluruq. Ona görə də KT müayinəsi sidik daşı xəstəliyinin müayinəsində qızıl standart hesab olunur. Buna görə də dünyanın bütün uroloji klinikaları KT cihazları ilə təchiz olunur. Bizim klinikamızda da ən müasir tələblərə cavab verən KT avadanlıq vardır. Bu isə işimizi daha uğurla görməyə imkan verir.

 

Böyrək daşı müalicəsi.

Böyrək daşı zamanı müalicə taktikası və metodu daşın yerəşdiyi yerdən, ölçüsündən, sıxlığından asılı olaraq dəyişir. Əvvələr çox geniş tətbiq olunan açıq əməliyyatlar artıq keçmişde qalmışdır. Böyrək daşı ilə əlaqədar aparılan bütün əməliyyatlar ya tam qapalı yaxud 1sm ölçüdə kiçik dəlikdən icra olunur. Tam qapalı üsulla icra olunan əməliyyatlara sidik kanalından keçməklə aparılan əməliyyatlar aiddir. Bu əməliyyatlar yüksək dəqiqlik və aydın görünüş verən kamera ilə təchiz olunmuş xüsusi endoskopik cihazlarla ( ureteroskop, ureterorenoskop, nefroskop ) həyata keçirilir. Bunların daha müasir olanı flexibl renoskopla lazer nefrolitotripsiya əməliyyatı adlanır.

holmium lazerBöyrək daşının lazerlə endoskopik müalicə

Sidik yollarının hər hansı bir səviyyəsində, istər böyrəklər, istərsə də sidik axarları və sidik kisədə yerləşən daşları bu üsulla tam parçalayıb çıxarmaq mümkündür. Lakin bir sıra hallarda daha münasib metod olan perkutan nefrolitotripsiya icra olunur. Perkutan əməliyyat dedikdə, dəridən keçməklə aparılan endoskopik əməliyyat nəzərdə tutulur. Bu zaman pasient əməliyyat stolunda üzü aşağı yaxud qismən üzü aşağı vəziyyətdə uzanır. Bel nahiyyəsindən böyrəyin proyeksiyasında dəridə 0,5 – 1,0 – sm ölçüdə dəlik açılmaqla rentgen yaxud usm naviqasiya altında böyrəyin boşluğuna ( daşın yerləşməsindən asılı olaraq ləyənə yaxud böyrək kasasına girilir ) daxil olunur. Böyrək daşı 2 sm – dən böyük olduqda perkutan əməliyyat daha məqsədəuyğundur.

 

Diqqət: böyrək daşı əməliyyatı keçirmiş xəstələr mütləq oxusun !

Böyrəkdəki, yaxud sidik yollarındakı daşın çıxarılması o demek deyil ki, pasient sidik daşı xəstəliyindən azad oldu. Müalicə o vaxt effektiv hesab olunur ki, daşın çıxarılması ilə yanaşı daşın əmələ gəlmə səbəbi də aradan qalxsın və onun yenidən yaranması üçün şərait olmasın. Məhz ona görə də əməliyyatdan sonra hər bir pasient üçün lazımı dərman preparatları ilə yanaşı fərdi dieta da təyin edirik. Fərdi dieta əməliyyat zamanı çıxarılmış daşın fiziki – kimyəvi müayinəsinin nəticəsinə əsasən təyin olunur. Sidik daşı xəstəliyində daşın özbaşına düşməsi yaxud əməliyyat yolu ilə xaric edilməsindən sonrakı 5 ildə təkrarən daşın əmələ gəlmə ehtimalı 50 % – dir.

Saytımızın digər məqalələrində sidik daşı xəstəliyi, onun müxtəlif formaları, müasir müayinə, müalicə prinsipləri və profilaktikası barədə daha ətraflı oxuya bilərsiniz.

 

Böyrək daşı . Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda.

https://varikosele.az/

https://androloq.az/

https://prostatvezi.az/

https://boyrekdasi.az/

QƏBULA YAZIL

İşarəni götür*

Sosial şəbəkələrdə paylaş